MODEL YOXSA SUPER MODEL?

Noyabrın ayının əvvəlləri idi.Sibir gözəli Tümen şəhərində hava artıq sərt üzünü göstərmək ərəfəsində ikən ,mərhum atam “ay balam, böyrəklərim çətin buranın soyuğuna dözə, qatara bilet almışam,gedək evimizə”,dedi.Mənim də, kişi daha bileti aldığından, razılaşmaqdan başqa çarəm qalmadı. Hərçənd, o vaxtlar əsgərlikdən təzə gəlmişdim, əsil həyatdan zövq ala biləcəyim zamanlar idi. Rusiyada olmuş insanlar o yaşda bir cavan oğlan üçün bu ölkənin nəyə bərabər olduğunu anlamaqda çətinlik çəkməzlər.

Fəqət, “çi fayda?”, necə deyərlər, sən saydığını say , gör dədən nə sayır.O qədərdə xoş olmayan bu xəbəri, səhər saatlarında mənə demişdi.Qatar isə gecə saatlarında yola çıxmalı idi.Tələm-tələsik, nə edəcəyini bilməyən adamlar kimi otaqda vurnuxurdum.Papaya cürət edib deyə bildiyim tək söz “papa heç olmasa bunu bir gün öncədən deyəydin” oldu. Artıq taleyimlə barışmış adamlar kimi, kurtkanı geyinib, bərbərxanaya üz tutdum.Adətən, biz azərilər “pulu başqasına verməyək” düşüncəsilə saçımızı Masallıdan olan bir dəllək qardaşa qırxdırardıq.Mən də təbii ki, həmin qardaşın yanına yollandım.Növbə ilə maraqlandım,sırada həddindən artıq çox adam var idi.Hava soyuq, həm də demək olar ki, saat dörd-beş arası zülmət qaranlıq düşəcəkdi.Qərara gəldim bu dəfə evimizə yaxın salonların birində başımı qırxım.

Salona daxil olduqda, iki rus xanım gülərüzlə salamladı və stola dəvət etdi. İlk dəfə başımı qız qırxacaq deyə, həyəcandan tərləmişdim.Uzun sözün qısası , qız mənə “model yoxsa super model qırxdıracaqsan? ” buyurdu.Suda qəribə əşya gördüyündə qulaqlarını şəkləyib tərpənməz hala gələn atlar kimi bir müddət mat qaldıqdan sonra, nəhayət, “super” sözü nəsə qulağıma yaxşı gəldiyindən , “super model qırx dedim”.

Qız həmin gün mənimlə məzələnirmiş kimi az qala saçımı dənləyib bir-bir kəsirdi.Öz-özümə, “mən nə qələt elədim Xudaya, bu gedişatla məni burda yatızdıracaq” deyib, deyinirdim.Amma, düzünü desəm, incə rəftarından həm də məmnun qalmışdım.Xəyallarımdan “kaş ayrı vaxt bura gələydim” düşüncəsi keçirdi.

Beləcə, modmozel başımı qırxdı, alatoranlıq vaxtları evə qayıtdım.Papa artıq yol tədarükünü, evdən, qohum-qonşulardan gələn “sifarişləri” tam yerinə yetirmişdi.

Axşam saatlarında vağzala gəldik.Vağzalda o qədər azərbaycanlı yığışmışdı və elə bərkdən danışırdılar ki, bir anlıq özümü artıq vətənə çatmış hiss etdim.Provadnik “xala” yüklərə ani nəzər saldıqdan sonra , bizi qatara buraxdı.Bu arada, kişinin provadnik xanımla həddindən artıq “səmimi” olduğunu duydum.Rəhmətlik, sonradan səbəbini xanımın uzun illər qatarda işlədiyi üçün dost münasibət qurduqları ilə əlaqələndirmişdi.

Kupeyə yaxınlaşdım, gördüm yaşı təxminən əlli-altmış yaşlarında bir ağbirçək oturub, semiçka çırtdıyır.Salam verdim, skamyanı qaldırıb , özümüzə aid yükü yerləşdirdim.Oturub rahat nəfəs almaq istəyirdim ki, gördüm, xala mənə baxır gülür.Mən də buna baxıb hərzə -hərzə gülməyə başladım.Bu gülür, mən gülürəm.Xala, sonda məni hələbir borclu da çıxartdı ki, ” gül, gül ay oğul sənin də bu vaxtların çatacaq” dedi.Bu sözdən sonra özümü birtəhər yığışdırdım.

Həmin gecəni yorğunluqdan tez uyudum.Səhəri, xalanın azacıq zabitəli səslə “a bala dur çay iç” əmri ilə qarşıladım.Şəmkirdən olan Gülbəniz xala ilə illərin dostuymuşuq kimi rəftar edirdim.

Qatarda azərilər daha çox idi.Bunu, kupelərində oturub segaha qulaq asmaqlarından , uca səslə, sanki bir-birlərini döyəcəklərmiş kimi siyasi “tok-şoular” təşkil etmələrindən bilmişdim.Atamla aramızda pərdə var idi deyənə, adətən kupedə olanda, nəsə lazım olub-olmadığını öyrənəndən sonra, qonşu, son dərəcə “ciddi”siyasi mövzuların müzakirə olunduğu kupeyə qaçırdım.Məsələn, orda Turanı quranlar, İrandan Təbrizi alanlar, SSRİ-ni bərpa etmək istəyənlər, bir sözlə bütün siyasi qütb təmsilçiləri var idi.Mənə də təbii ki, belə yerlər lazım idi.Hər nə qədər didişsək də, sonda mehribancasına bir çay içib, yatmağa üz tutardıq.Açığı kənardan baxıb azəri olmağıma sevinirdim.O mehribanlıq, qarşılıqlı diqqət, ehtiramı başqa millətlərdə sezmirdim.Hamının üzündə sevinc var idi. Tezliklə vətənlərinə, doğma ailələrinə, yaxınlarına qovuşacaqları səbəbindən insanların çöhrərindən məmnunluq yağırdı.Həm də ona görə məmnun idilər ki, qazandıqları azacıq halal ruzini ailələrinə aparacaq, özlərinə bir gün ağlayacaqdılar.”Azacıq” sözünü ona görə qeyd etdim ki,adətən , qatarla vətənə dönənlərin imkanları o qədər də geniş olmur.

Səfərin ikinci günü idi.Qatar şam və “beryuza” ağaclarının bir-birlərinə sarıldığı ucsuz -bucaqsız meşələrin arasından şütüyürdü.Sərasər yağan qarın üzərində buraxdığı izlərdən cazibədar gözəl təsirini bağışlayırdı, “beryuza”. İsti qatarın aynasından çölə boylanınca, sanki, yaydan qışa pəncərə açılırdı.Bacardıqca daha çox bu mənzərəyə baxırdım ki, bəlkə bir də bu torpaqlara yolum düşmədi.Gülbəniz xala ilə papanın qayğı dolu valideyinlər qismində xəfif səslə öz aralarında etdikləri söhbətlər uşaqkən, qış günündə anamıza uzun yalvarışlardan sonra bizə söylədiyi yarıgerçək, yarıəfsanə nağılların aləmində uyuduğumuz anları xatırladırdı.․․

Qatar tezliklə Ufa stansiyasına yaxınlaşacaqdı.Gülbəniz xalanın əhvalı birdən pisləşdi.Xala iki ayağını bir başmağa dirədi ki, qatarı saxlatdırın.Çox yalvar-yaxar etdik ki, qarşıda böyük stansiya gəlir, inşallah orda sizə tibbi yardım olunacaq, xeyri olmadı.Xalanın tərs damarı tutmuşdu.Xoşbəxtlikdən başını söhbətə qata-qata gəlib çatdıq məlum stansiyaya.

Köməkləşib Gülbəniz xalanı təmiz havaya çıxartdıq. Görünür, zərərli qida qəbul etdiyindən, ” qaytarmağa” başladı.Mən də durmuşam ağbirçəkin yanında, əlimlə çiynindən yapışmışam, üzümü məlum səbəbdən yana çevirmişəm.Bir də görürəm, xala dizə qədər qalxmış qarı eşir.Deyirəm, Gülbəniz xala nə olub, qarla nə işin var?
Gülbəniz xala: (gülərək)qavlamamı itirdim ay oğul Xala, qablama nədi, nəyin qablaması?

Gülbəniz xala : qablama da ay oğul, dişimin qablaması

Sən demə , Şəmkir tərəflərdə diş protezinə qablama deyirlərmiş.Yazıq arvad, “qaytaranda” mədədən gələn kütlənin təsirindən diş protezi (talışca əng) ağzından çölə tullanıbmış.Qar həddindən artıq çox olduğundan , öz dili ilə desək “qavlama”sı itmişdi.Məni bir tərəfdən hərzə gülmək də tutub, digər tərəfdən arvada yazığım da gəlir.Nə isə , şükür Allaha, qatar tərpənməmiş qarın dibindən xalanın protezini tapdıq.
Səfərimizin dördüncü günü gecə ikən Bakıya yetişdik.Paytaxtdan tanış taksilərə oturub gəlib çıxdıq doğma Talış elimizə.
Ev əhli ilə görüşüb- öpüşəndən sonra, divanda oturmuşdum ki, bir də gördüm mama hövlnak “a bala sənin başını kim bızbır(talışça bızbır keçikəsən deməkdir.Adətən ,keçilər necə gəldi qırxıldıqları üçün, kimsənin başı səliqəsiz qırxılanda talış camaatı ona “bızbır ” deyirlər) edib, o boyda Urusiyyətdə fərli dəllək tapılmadımı?” qışqırdı.
Mən də təəccüb içində donub qalmışdım.Tez aynanın qabağına keçib, ikinci güzgünü başımın arxa hissəsinə tutandan sonra nə görsəm yaxşıdır! Sən demə rus qızı başımın peysərinə ziq-zaq formasında xətt qoyubmuş.Dərhal anladım ki, “super model” in zibilinə düşmüşəm.Gülbəniz xala ilə ilk qarşılaşdığımda, arvadı güldürən də, andıraqalmış “super model” imiş.

Rəhmətlik kişinin yavaşca güldüyünü görcək, açığı bir az əsəbi halda, “papa dörd gündü yol gəlmişik, görməmişdin bunu? soruşdum.

Kişi “A bala mən bir də “poyzd”da gördüm ki, səni bızbır etmişlər” deyib,gülməyə başladı.
O vaxtdan heç dəlləyə getmədim, özüm öz başımı qırxmağa başladım.

Elvin İrşadov (Umar Ali)

Go to TOP