Yaddaşımda qalanlar

Bəzən xırda bir nəvaziş, xoş bir söz, bir tikə çörək, bircə konfet, Allah rizası üçün verilən qəpik-quruş uşaqların yaddaşında silinməz izlər buraxır, bir ömür həmin insanları rəhmətlə anmağa, barələrində xoş təəssüratlar formalaşdırmağa kifayət edir.

İbtidai siniflərdə oxuduğum dönəmlərdə, mərhum atam(ölənlərinizə rəhmət) poçtalyon işləyirdi.O vaxtlar poçtalyonların işi məntəqəyə gələn məktub və digər sənədlərlə yanaşı, həm də aylıq sosial müavinətləri də vətəndaşların evlərinədək aparmaqdan ibarət idi.Hər ayın tamamında rəhmətlik atam bir meşok pulla evə dönərdi.Bəlkə də kənddəki uşaqların içərisində ən çox pul görən bizim evin uşaqları idi, fəqət məsələ ondadır ki, o pullar heç vaxt bizim olmamışdı.Bizə ancaq pulları həvəslə blanklara (pul qaiməsi)uyğun ayırıb, tüpürcəklə ensiz kağızlarla bağlamaq düşürdü.Mənim üzərimə düşən iş , şam işığında blanklardakı ad- soyadları oxumaqdan ibarət idi.Məhz bu prosedura görə, o cür kiçik yaşlarda kənddəki demək olar ki, bütün insanların ad və soyadlarını, ata adlarını , bir sözlə az qala bütün şəcərəsini öyrənmişdim.

Doğulub boya-başa çatdığım Siyakü inzibati ərazi nümayəndəliyi iyirmi dörd kəndi özündə birləşdirirdi.Təbii ki, belə böyük bir ərazidə sosial müavinətləri vətəndaşların qapısına daşımaq atamın təklikdə gücü çərçivəsində deyildi.Ona görə də, biz ev əhli bu işdə mərhuma yardım etməyə çalışardıq.Ərazini “uçastka”lara(hissələrə) bölmüşdük ki, hərə öz bölgəsinə cavabdeh idi.Məsələn, atam Siyakü kəndinin özündə, böyük qardaşım Binəbəy, Şıxəməhlə tərəflərində, mən də anamla Fətəlioba və Şağlazuzədə müavinətləri paylayardıq.Əlbəttə, bizim bəxtimiz müəyyən mənada gətirmişdi, çünki “uçastka” mızın çox hissəsi qohum olan insanlardan ibarət idi.Demək olar ki, hər evdə bizi oturub çay içməyə, yemək yeməyə dəvət edərdilər.Ancaq, anam mənə xoş olmasa da, çox vaxt təkliflərə görə təşəkkür edib, növbəti evə üz tutardıq.

Kəndin bir ucundakı evlərə pulları payladığımızda, artıq bütün kənd “pul verənlər” in gəlişindən xəbərdar olub, sevinərdilər.Bəzən, dözməyib, qonşusunun həyətinə gələrək, qol çəkib pullarını götürənlər olurdu.Bəzən də, “atam evdə yoxdur , icazə ver əvəzində mən qol çəkim, sənə beş kəçəl(keçəl talışlar Məmməd Əminə deyərdilər) verəcəm ” deyib , xahiş edənlər olurdu.

Dövrün insanları ağır həyat şəraitində yaşamalarına rəğmən, çox xeyirxah , əliaçıq idilər.Aldığı doqquz “məmməd” uşaq pulundan iki məmmədini qıyan kim,pensiyasının iyirmidə birini “halalınız olsun” deyib, hörmət edən kim.Hələ zorla evə dartıb süfrə başına əyləşdirən insanları demirəm.
Hər kənddə, səbirsizliklə gözlədiyim bir neçə ev olurdu ki, onların içində Fətəliobada rəhmətlik Akif mamunun (talışca əmi) evi də var idi.Adətən, kənd əhli müavinəti evlərinə daşımağımızın müqabilində bizə ayırdıqları pulları anama verərdilər.Akif mamu isə həmişə pulu mənə uzadardı.Bir dəfə yoldaşı, babamın bibisi Vəhimə mamə(talışca bibi) ərindən bunun səbəbini soruşdu. Cavabında “bu uşaq böyüyəndə mənə rəhmət oxuyacaq” dedi, rəhmətlik Akif mamu. Akif mamu artıq illərdir dünyadan köçmüşdür.Mənsə, kişi nə vaxt yadıma düşürsə, ruhuna rəhmət deməyi özümə borc bilirəm.
Əzizlərim, bütün bunları yazmaqda təbii ki, bir məqsədim var idi.Bu gün bir insan mənə, hansısa biznesmeni işarə edərək “o, öz xalqı üçün iş yeri açdı, xeyriyyəçilik əməlləri vardır, sən neyləmisən” deyə, kinayə etdi.Mən də, çoxlarınızın bildiyi kimi özümü hər nə qədər ehtiyyacsız birisi kimi göstərsəm də , əslində maddi durumu o qədər də yaxşı səviyyədə olan birisi deyiləm.Amma, bu cür vəziyyətimlə “varını verən utanmaz” prinsipi ilə, təbliğati məsələlər baxımından dinim , millətim naminə əlimdən gələni etməyə çalışıram.O insanın dediyi həddən-ziyadə pis mənada məni mütəəssir etdi.Vallahi, beş-on manatla ucuz konfetlərdən alıb, körpə uşaqlara paylamaqla, onlara nəvaziş göstərməklə, xoş əxlaqla da millət adına xeyirli iş görmək mümkündür.

Hər şeyi pul arşını ilə ölçmək doğru deyildir.Milyonerlər çox olmuşdur, fəqət onların az bir qismi millətinin yaddaşında iz buraxa bilmişlər.Uca Allah bizi pula ibadət etməkdən münəzzəh qılsın inşaəllah.

Diqqətinizə görə minnətdaram.
Elvin İrşadov (Umar Əli)

Go to TOP