İqbal Ağazadənin talış nifrəti

AzerFreedom tv adlanan internet televiziyasında bu möhtərəm, Qurban Məmmədovla milli etnik problemləri müzakirə edərkən, aparıcının “Azərbaycanda talışların problemləri vardır” replikasına, “Azərbaycanda talışların heç bir problemi yoxdur, məktəblərimizdə talış dili tədris olunur” kimi təpki göstərmişdir.Biz əvvəla, talışların bu ölkədə obyektiv və subyektiv səbəblərdən milli-mədəni anlamda üzləşdiyi problemləri sadalamağa çalışarsaq, bunun üçün günlərlə əlləşməli olacağıq.Ona görə də, biz talışların ümumi problemlərini deyil, məhz İqbal Ağazadənin fikirlərinə münasibət bildirməyə çalışacağıq.

İqbal müəllim! Məlumunuz olsun ki, orta məktəblərdə ibtidai siniflər səviyyəsində qeyri-fənn müəllimləri tərəfindən həftədə bir dəfə dilin tədrisi ilə bir millətin milli-mədəni problemlərini çözmək imkansızdır.

Siz əgər talış xalqının susqunluğuna nəzərən bu cür qənaəti bölüşürsünüzsə demək ki, ya fərqli siyasi rejimlər şəraitində insanların etiraz etmək imkanlarının müxtəlif formalarda təzahür etdiyindən bixəbərsiniz, ya da ki, sadəcə, ikili standartlara yol verirsiniz.Əgər, xalq etiraz etmək imkanlarının məhdudluğu səbəbindən susursa bu heç də problemlərin olmaması anlamına gəlməməlidir.Bu fikrə etiraz edərsəniz, gərək sizin rəhbəri olduğunuz “Ümüd” partiyası daxil, bütün müxalif siyasi partiyalar siyasi səhnədən getməlidir. Çünki, biz onillərdir ki, bunca sosial-siyasi problemlərin mövcud olduğu ölkədə heç bir ciddi etiraz hərəkatları ilə üzləşmədik.

Fikirlərinizdə Rusiyada etnik problemlərin mövcudluğu səbəbindən demokratiyanın bu dövlətə nüfuzunun özü il bərabər ciddi fəsadlar gətirəcəyini , hətta federasiyanın etnik problemlər ucbatından parçalana biləcəyini iddia etmişsiniz.Nəzərinizə çatdırırıq ki, Rusiyada muxtar qurumu olmayan hər hansı bir millət mövcud deyildir .Muxtariyyət isə assimilyasiyanın önündə sipər, özünüdərkin əsasıdır.Bir toplum ilk öncə azad olmalıdır ki, özünüdərk etsin.Və ən əsası Rusiya Federasiyasına səfər edən insanlardan ayrı-ayrı muxtar qurumların ərazisindən keçən qatar stansiyalarında , yerli dillərdə stansiyanın adını bildirən tablolarla rastlaşdığını öyrənə bilərsiniz.
Siz isə M.Məclisdə talış adını qadağan edən cəfəng qanun layihələri hazırlamaqla deputat kimi xalq qarşısında mükəlləfiyyətlərinizi bitmiş hesab edirsiniz.

İlk öncə qafanızı demokratikləşdirin, qafanızı, cənablar!

Elvin İrşadov (Umar Ali)

Go to TOP