KİŞİLİYİMİZİ VƏ QADINLIĞIMIZI İTİRMƏYƏK!

90-cı illərin ortalarında Ankarada təhsilimi davam etdirərkən türkiyəli arkadaşlarla aramızda dostluq münasibətləri yaranmışdı. Çorumlu Əhmədlə 2 otaqlı mənzildə kirayədə qalırdıq. Onlar bir artı bir deyir, yəni bir üstə gəl bir (1+1). Təxminən bizdəki xruşovkaların 2 otaqlısı kimi. İki iç-içə otaq, ayrıca geniş mətbəx, vanna otağı, balkon. Əhməd (Ahmet) milliyyətcə kürd idi, amma özünü türk sayırdı. Deyirdi ki, atası və anası kürd olsalar da, özünü türk hiss edir, belə xoşbəxtdir. “Ne mutlu türküm diyene!”
Mən əvvəlcə buna çox təəccüb etsəm də, sonradan alışdım. O, iqtisadçı idi və riyaziyyatı yaxşı bilirdi. Bizimlə oxuyan qazax uşaqların hamısının dombrada çalmağı bacardığını görüb, mənim də musiqi təhsilim olduğunu və simli alətlərin, demək olar ki, hamısında az-çox ifa etməyimi eşidib, dəli oldu. Gedib özünə bir türk sazı aldı. Ancaq orada olduğum 2 il ərzində heç nə öyrənə bilmədi. Çünki zərrə qədər musiqi duyumu yox idi və bunu qəbul etmək istəmirdi…
Bir müddət sonra Kayseridən olan ədəbiyyatçı Abdulla da bizim evə köçdü və birlikdə yaşamağa başladıq. Abdullah çərkəz idi. Şeyx Şamildən sonra Türkiyəyə köçmüş Qafqaz xalqlarının törəmələrindən biri idi. Əslində Abdulla kabardin millətindən idi, ancaq Türkiyədə Qafqaz xalqlarının hamısına – çeçenlərə, inquşlara, avarlara, qaraçaylara, kabardinlərə və digərlərinə ümumi olaraq „çərkəz“ deyirlər. O, doğma dilini unutmamışdı, Volkmənində daim kabardin musiqisi dinləyirdi. Bir dəfə məni dartıb öz mədəniyyət mərkəzlərinə də apardı. Sezai Karakoçu çox sevir, daim mənə onun şeirlərini oxuyur, izah etməyə çalışırdı. Mən də ona Ramiz Rövşəni təbliğ edirdim.
 Əhməd də, Abdulla da dindar idilər. İçki içməzdilər və zinaya qarşı idilər. Kişi ilə qadın arasındakı intim münasibətləri yalnız evlilikdə mümkün sayırdılar. Oruc tuturdular. Türkiyədə Ramazan ayında elə bir mühit olur ki, tutmamaq mümkün deyil. Odur ki, mən də tuturdum. Hər gün namaz qılmasalar da, cümə namazlarını buraxmırdılar. Arabir evdə də qılırdılar, ancaq müntəzəm, yəni şəriətdə göstərildiyi kimi deyil. Əhməddən fərqli olaraq, Abdulla öz soyuna bağlı idi, millətçi damarı vardı. Ən böyük arzusu Nalçikə getmək idi. Mənimki Abdulla ilə daha çox tuturdu. Çünki həm hər ikimiz ədəbiyyatçı idik, həm də qafqazlı. Bir-birimizi anlamaqda çətinlik çəkmirdik. O da bir çox türkiyəlidən fərqli olaraq, səxavətli idi. Yəni xırdaçılıq etməzdi. Onun avtobus pulunu verdiyimi görüb, o da verirdi. Çay içəndə, çörək yeyəndə hesabı bir dəfə mən verəndə, bir dəfə də o verirdi. Amma Əhməd bunu bacarmırdı. Deyirdi, sən xərclədiklərini yaz kağıza, hesabla, yarıya böl, borcumu qaytarım. Mən bunu etmirdim, təbii ki. O, bazarlıq etməyi və normal yemək hazırlamağı da bacarmırdı. Abdulla ilə onu yola verirdik. Onu da bildirim ki, dostlarım dindar olsalar da, mənim qədər mühafizəkar deyildilər. Marmarisdə gəzintidə olarkən hər ikisi dərhal şalvarlarını soyunub, şort geyindilər. Ancaq mən bunu yalnız 2-ci gün edə bildim. O da çox isti olduğuna və cins şalvar qıçlarıma yapışdığına görə. Həm də gördüm ki, məndən başqa şalvarlı adam yoxdur…
Yaxud onlar institutda qızların qarşısında çəkinmədən ayaqyoluna girirdilər, ancaq mən bunu etmirdim. Onlar qızlarla birlikdə siqaret çəkirdilər, ancaq mən siqaret çəkən qızlardan uzaq durmağa çalışırdım və s. Deyirdilər ki, hətta siqaret çəkən qızla evlənə də bilərlər. Mənsə bunu qətiyyətlə rədd edirdim. Baxmayaraq ki, özüm də hərdən çəkirdim. Bizim üçüncü bir dostumuz da vardı – İsmayıl. O, laz millətindən idi və Ankaraya oxumağa Rizədən gəlmişdi, Ərdoğanın vətənindən. Sosioloq idi.
İsmayıl digər iki dostumdan fərqli olaraq həm də „solçu“ idi və dindar deyildi. Türkiyədə solçuları o qədər bəyənməsəm də, İsmayıl mənə maraqlı gəldi. Onu mənimlə Abdulla tanış etdi və dedi ki, „iyi çocuk“. Biz tez-tez birlikdə çay içir, müxtəlif mövzularda söhbətləşirdik. Ədəbiyyat, tarix, sosiologiya, siyasət və s. İsmayıl həqiqətən savadlı, ağıllı və anlayışlı oğlan idi. Arada onu evimizə də aparırdıq. Yemək hazırlayıb yeyir, çay içərək ləzzətlə söhbətləşirdik.
Bir dəfə İsmayıl da bizi evinə dəvət etdi. Dedi ki, „kız kardeşi“ ilə birlikdə qalır. Mən getmək istəmədim ki, bacını narahat edərik. Ancaq dedi ki, bacısı indi dərsdədir, odur ki, narahatlığa ehtiyac yoxdur. Gözlədiyimizin əksinə, bacı evdə idi. İsmayıl ona dedi ki, axı sən bu vaxt dərsdə olmalıydın. O da nəsə cavab verdi, amma mən qulaq asmadım. Çünki adətən mənə aidiyyatı olmayan söhbətləri dinləmirəm, hətta bəzən aidiyyatı olanları da.
Qız bizə xoşgəldin-filan etmədi, heç salamımızı da almadı. Yəni bizə tərəf heç baxmadı da. Mən də ona ötəri baxdım. Gözəl deyildi. Çirkin də demək olmazdı, ortabab, arıq, biçimsiz bir şey idi. Türkiyəli qızların çoxu kimi, baxımsız idi. Bəlkə də, baxımlı olsaydı, bir qədər cəlbedici görünə bilərdi. İsmayıl bizi bir otağa saldı. Keçib oturduq. Sonra çıxıb bacısına dedi ki, bizə çay gətirsin. Onların arasında nəsə söhbət getdi, mən yenə qulaq asmadım. Aradan xeyli keçdikdən sonra İsmayıl özü çay gətirdi. Aldığımız şirniyyatları da masaya qoyub, çay içərək söhbətə başladıq.
İsmayil gildən çıxıb evə gələndə Abdulla mənə dedi ki, gördünmü İsmailin kız kardeşi bize çay vermek istemedi. İsmaile dedi ki, ben sizin için qarson değilim. „Öğlemi oldu?“ təəccüblə soruşdum. „Duymadınmı ya?“ „Yok, dedim, ben İsmailin kendinin öyle yaptığını zannettim.“ „Yok ya, kız resmen isyan etti ya, ben size qarson değilim falan söyledi…“ Bu əhvalat niyə yadıma düşdü? Hal-hazırda bizdə də eynilə Türkiyədəki proses gedir. Bəzi Azərbaycan qızları və qadınları da xarici təsirlərə düşərək, feminizm, gender bərabərliyi, nə bilim, nə zibil illüziyalarına qapılaraq, öz təbii yollarından çıxır, özünü kişi kimi aparır, özü də kobud kişi kimi, qadınlıqla bir araya sığmayan hərəkətlər edir, qadının kişi olmadığını unudurlar. Məsələn, İsmayılın bacısı hesab edirdi ki, əgər o öz rəfiqələrini qonaq çağırsaydı, qardaşı onların qarşısına çay gətirərdimi? Yox. Deməli, o da gətirməməlidir. Bərabərlik deyil? Hərə öz çayını gətirsin və içsin də…
İlk baxışda haqlı görünə bilər. Ancaq sadəcə ilk baxışda. Məsələnin içinə girib, bir az araşdırdıqda və düşünəndə görürsən ki, yox, xanım qətiyyən haqlı deyil. O, qonaqlara xoşgəldin etsəydi, qəşəng bir çay dəmləsəydi, süfrə hazılasaydı, ilk növbədə öz qabiliyyətini göstərəcəkdi. Qarşımıza gətirməyə də bilərdi. Məsələn, mənim dostlarım qonaq gələndə bacılarım hər şeyi kənarda hazırlayıblar, amma süfrəyə özüm aparmışam. Biz mühafizəkar ailəyik. Ancaq bu qız gətirə də bilərdi, gülümsəyərək xoş gəldin deyərdi. Hətta bizimlə otura da bilərdi, söhbət edərdi. Bəlkə də, uşaqlardan kimsə onu bəyənərdi, sevərdi, ailə qurardılar.
Yoxsa bunu özünə rəva görmür, ancaq hansısa qulağı sırğalı avarının biriylə səkinin qırağında oturub pivə içməyi, öpüşməyi, tumarlaşmağı qəbul edir. Biriylə, ikisiylə, üçüylə, axırda tək qalır, hər şeydən bezir və özünü öldürməkdən başqa çıxış yolu görmür…
O qız qardaşının qonaqlarına ona görə çay hazırlamalıydı ki, hər şeydən öncə bu cür işləri qadınlar daha yaxşı bacarırlar. Çaya da, süfrənin dizaynına da, şirniyyata da, yeməyə də öz zərifliklərini qatır, bununla kişilərdə rəğbət, sevgi oyadırlar. Axı kişlər qadınları yalnız seks partnyoru olaraq seçmirlər və düz də edirlər. Qızlar gələcəyin ev sahibəsi, anasıdırlar, kim olurlarsa-olsunlar, bu missiya onların üzərinə düşür. Odur ki, daim buna hazırlaşmalıdırlar.
Digər tərəfdən, qızlar təbii olaraq özlərinin bu qabiliyyətlərini göstərməlidirlər ki, kimlərinsə xoşuna gəlsinlər və normal ailə qura bilsinlər. Ta keçmişdən gələn ənənəyə görə, dünyanın bütün xalqlarında kişi „çöl quşu“ olub, qadın „ev quşu“. Bu da təbiidir. Çünki kişinin gördüyü çöl işlərini qadınlar bacarmır, ya da yaxşı bacarmır. Ov etmək, meşə qırmaq, yer şumlamaq, çobanlıq etmək, savaşmaq qadın işi deyil. Odur ki, qadına da ev işləri düşüb. İndi vəziyyət bir qədər dəyişib deyə, bəzi qadınlar hesab edir ki, artıq onlar da „çöl quşu“ ola bilərlər. Ehtiyac varsa, olsunlar, oxusunlar, işləsinlər, hətta döyüşsünlər. Ancaq bütün qadınların onlar kimi olmalı olduğunu düşünməsinlər və təbliğ etməsinlər. Çünki çöl işlərini bütün qadınlar bacarmır və hətta istəmirlər. Digər tərəfdən, vəziyyət nə qədər dəyişsə də, bu işləri yenə kişilər daha yaxşı bacarır. Ona görə ki, həm fiziki, həm də əqli baxımdan üstün yaradılıblar.
Bu, Tanrının, Təbiətin seçimidir. Qadın çöldə, kişi evdə ola bilməz. Bu yenə də Tanrının və Təbiətin qanunlarına ziddir. Mümkün də deyil. Bunu zorla tətbiq etməyə çalışmaq dünyada nizamı pozar, xaos yaradar. Ailə tamamilə məhv olar. Xəstəliklər, mənəviyyatsızlıq, pozğunluq, əxlaqsızlıq baş alıb gedər. Dünyanın təbii nizamına qarşı çıxmaq onu dağıda bilər və hamımız məhv olarıq. Sonda bir məsələni də qeyd edim. Kişi kimi güclü qadınlar var, əlbəttə.
Amma onlar istisnadır. Bununla belə, o güclü qadınlar da təklifi, ilk addımı kişidən gözləyirlər. Dünyanın ən kosmopolit ölkəsində belə, qadınlar kişilərə evlənmək təklif etmir. Hər yerdə ağır əşyaları kişilər qaldırır. Gecə küçədən nəsə bir səs gələndə kişi qalxıb baxır. Evə oğru, cinayətkar girəndə, onunla kişi əlbəyaxa olur. Evin damını kişi təmir edir. Elektrik naqilini kişi bağlayır. Müharibəyə kişi gedir. Rusiyaya çörəkpulu qazanmağa da əvvəl kişi gedir, lazım olsa, qadınını da aparır. Odur ki, hərə öz yerini bilsə, öz yerində olsa yaxşıdır. Kİşiliyimizi və qadınlığımızı itirməyək!
Nadir Quliyev
Go to TOP