HƏMİN KOORDİNAT, HƏMİN DALĞA

1918 – 1921 İLLƏRDƏ ZAQAFQAZİYAYA XARİCİ HƏRBİ MÜDAXİLƏ.

Zaqafqaziyanı və Dağıstanı Sovet Rusiyasından ayırmaq və onu əksinqilab meydanına çevirmək məqsədi ilə xarici imperialistlərin müdaxiləsi.
Böyük Oktyabr sosialist inqilabından sonra yalnız Bakıda və Azərbaycanın bir hissəsində Sovet hakimiyyəti qurulmuşdu.
1917 il noyabrın 15 (28)-də yaradılmış Zaqafqaziya komissarlığı Brest sülhünü (1918) tanımadı, Zaqafqaziyanın müstəqilliyini elan etdi.
1918 il fevralın 12-də türk qoşunları Zaqafqaziyada müdaxiləyə başladılar (bu hücum Sovet Rusiyasına qarşı ümumalman strateji hücum planının bir hissəsi idi).

Türklər martın 12-də Ərzurumu, aprelin 15-də Batumu, mayın 15-də Aleksandropolu tutdular.
Aprelin 22-də yaradılmış “müstəqil Zaqafqaziya federasiyasının” parçalanması nəticəsində üç burjua respublikası yarandı: Gürcüstan (21 may), Azərbaycan (27 may) və Ermənistan (28 may).
Mayın 15-də gürcü menşevikləri kömək üçün Almaniyaya müraciət etdilər. Almaniya qoşunları Gürcüstanı tutdu; V.İ.Lenin yazırdı: “Gegeçkori hökuməti kimə qarşı müstəqildir? Sovet Respublikasına qarşı müstəqildir, lakin alman imperializmindən bir balaca asılıdır ki, bu da təbiidir”.

Müsavatçılar isə Türkiyə ilə ittifaqa girdilər. Türkiyə qoşunları Gəncəni tutub, Bakıya yürüşə başladılar.
İranın şimalında isə Denstervilin komandanlığı ilə ingilis qoşunu cəmləşmiş, Bakı eserləri və daşnaklar ilə əlaqə yaratmışdı.

İyunda general Nuru paşanın başçılığı ilə Türkiyə qoşunları və müsavat hissələri Bakıya hücuma başladılar. Q.N. Korqanovun komandanlığı ilə Qafqaz Qızıl Ordusunun hissələri Qaraməryəmdə türkləri məğlubiyyətə uğratdı və Gəncəyə tərəf geri oturtdu.
V.İ. Leninin göstərişi ilə Bakıya kömək məqsədilə P.X. Petrovun dəstəsi, o cümlədən 7 zirehli maşın, 13 təyyarə, 80 top, 160 pulemyot, 10 min tüfəng, döyüş sursatı və ərzaq göndərildi.
İyulun sonunda daşnak briqadasının və çar zabiti L.F. Biçeraxovun kazak dəstəsinin xaincəsinə cəbhəni tərk edib Port-Petrovska (indiki Mahaçkala) tərəf çəkilməsi vəziyyəti çətinləşdirdi (Nuruşun bəxti gətirdi).
İyulun 31-də Bakıda Sovet hakimiyyəti müvəqqəti süqut etdi. Avqustun 1-də daşnak, eser və menşeviklər “Sentrokaspi diktaturası”nı yaratdılar. Avqustun 4-də ingilis müdaxiləçiləri Bakıya daxil oldular. Avqustun 17-də Bakı komissarları həbs edildi, sentyabrın 20-nə keçən gecə ingilis və eser qatillərinin əmri ilə ağqvardiyaçılar tərəfindən güllələndilər.
Sentyabrın 15-də Türkiyə qoşunları Bakını tutdu. İngiltərə qoşunları Ənzəliyə qaçdı. Oktyabrda Dağıstan türk müdaxiləçiləri tərəfindən işğal edildi.

Almaniya və onun müttəfiqlərinin Birinci dünya müharibəsində məğlubiyyətindən sonra Almaniya və Türkiyə qoşunları Zaqafqaziyadan çıxarıldı.
İngiltərə qoşunları yenidən Zaqafqaziyaya soxularaq Bakını (17 noyabr), Batumu (175 dekabr), Tiflisi (25 dekabr) tutdular; onlarla birlikdə Fransa və ABŞ nümayəndəlikləri də Zaqafqaziyaya soxuldu.
Müdaxiləçilər dəmir yolunu, Xəzər donanmasını, Bakı – Batum neft kəmərini ələ keçirərək, Bakı neftini daşıyıb aparır, Zaqafqaziyanın tam tənəzzülə uğramış xalq təsərrüfatını talayırdılar. Onlar milli ziddiyyətlərdən (gürcü, erməni, azəri, türk, talış, tat, kürd, avar, ləzgi və s. habelə şiə, sünnü) istifadə etməklə uzun müddət Zaqafqaziyada hökmranlıq etmək niyyətində idilər.
Bolşeviklərin rəhbərliyi ilə xalq kütlələrinin müdaxiləçilərə və burjua millətçilərinə qarşı inqilabi mübarizəsi genişlənirdi.
1918 ilin yayında Gürcüstanda üsyan, dekabrda və 1919 ilin mart, may, iyun, avqust aylarında Bakıda iri tətillər və siyasi nümayişlər baş verdi.
1919 ilin yayında ümumi beynəlxalq və daxili vəziyyət müdaxiləçiləri açıq müdaxilədən onun gizli formalarına keçməyə məcbur etdi. Avqustun 26-da İngiltərə qoşunları Bakını tərk etdi, lakin 1920 il iyulun 7-dək Batumdan çıxmadı; iri mərkəzlərdə gücləndirilmiş hərbi nümayəndəliklər saxlanmaqda idi.

1920 il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qələbə çaldı. 11-ci Qızıl Ordu dəstələri Azərbaycan zəhmətkeşlərinə köməyə gəldi.
Azərbaycan SSR-in yaradılması Antantanın Qafqazdakı təcavüzkar planlarını pozdu, Ermənistan və Gürcüstanda inqilabi hərəkatı gücləndiridi.
Sentyabrın 24-də daşnaklar Ermənistan – Türkiyə müharibəsinə başladılar. Noyabrın 29-da Ermənistan İnqilab Komitəsi Ermənistan SSR-in yaradıldığını elan edərək kömək üçün RSFSR-ə müraciət etdi. Dekabrın 2-də daşnak hökuməti Türkiyə ilə sülh bağladı və həmin gün səlahiyyətindən əl çəkdi.
Daşnaklar Ermənistan Sovet hökumətini tanımaqdan boyun qaçıraraq Zəngəzuru “muxtar respublika” elan etdilər.

1920 ilin sonu – 1921 ilin əvvəlində yalnız menşevik Gürcüstanı müdaxiləçilərin son istinadgahı kimi qalırdı. Batumun İngiltərəyə verilməsi barədə danışıqlar aparılırdı.
Zaqafqaziyada hərbi əməliyyatların açılmasına hazırlıq aparan İkinci İnternasionalın liderləri Tiflisə gəlmişdilər. Fevralın 16-da Loridə yaradılan inqilab komitəsi Gürcüstanı sovet sosialist reapublikası elan etdi; komitə gürcü zəhmətkeşlərini üsyana çağırdı və kömək üçün RSFSR hökumətinə müraciət etdi.
Fevralın 15 – 16-da üsyançıların və sovet qoşunlarının birgə hücumu başlandı. Bu zaman daşnaklar Zəngəzurdan hücuma keçdilər və fevralın 18-də Yerevana soxuldular.
11-ci Qızıl Ordunun komandanlığı Gürcüstan zəhmətkeşlərinə kömək üçün öz hissələrinin yürüşünü davam etdirdi; fevralın 25-də Tiflisdə Sovet hakimiyyəti quruldu.
İngiltərə ordu hissələri Kutais, Batum və Yerevana doğru hərəkətə başladı. Türkiyə Axaltsixe və Batum rayonunda mövqelərini saxlamağa cəhd göstərdi.
Martın 18-nə keçən gecə menşevik hökuməti Batumdan qaçdı. Şəhərdə olan gürcü qoşunları da inqilabçı qüvvələrin tərəfinə keçdi. Türkiyə qoşunları şəhərdən çıxarıldı.
Martın 28-də sovet qoşunlarının daşnaklara qarşı zəfər yürüşü başlandı; aprelin 2-də Yerevan onlardan azad edildi. 1921 ilin iyulunda Zəngəzur daşnaklardan təmizləndi.
1921 il oktyabrın 13-də Türkiyə ilə Zaqafqaziya respublikaları arasında ümumi sülh müqaviləsi (Qars müqaviləsi) imzalandı.

Zaqafqaziyaya xarici hərbi müdaxilənin boşa çıxması nəticəsində Zaqafqaziya xalqları dinc sosializm quruculuğuna başlamaq imkanı əldə etdilər.

Go to TOP