Talışlarla bağlı yanlış bilinən 15 məsələ – Əslində olan

1. Yanlış:
Talışlar Farsdırlar və Talış dili də Fars dilidir.
Doğru:
Talışlar Fars deyillər. Talışlar və Farslar tamam ayrı-ayrı millətlərdir. Talış dili də Fars dili deyil, tamam ayrı, müstəqil bir dildir. Nə Talışlar Farsların dilini, nə də Farslar Talışların dilini anlamır.
Talış dili Hind-Avropa (Indo-European) dil ailəsinin İran dilləri qrupunun Şimal-Qərb qoluna daxildir.
Fars dili isə bu dil qrupunun Cənub-Qərb qoluna aiddir.

2. Yanlış:
Talışlar Türk əsilli bir etnosdur.
Doğru:
Talışlar Türk əsilli bir etnos deyildir. Türk xalqlarının dili Altay dil ailəsinə, Talış dili isə Hind-Avropa (Indo-European) dil ailəsinə daxildir. Ayrı-ayrı ailələrə aiddirlər.

3. Yanlış:
Quba, Xızı və Abşeronda danışılan tat dili Talış dili ilə yaxın dildir və bir-birini başa düşürlər.
Doğru:
Quba, Xızı və Abşeronda danışılan tat dili (həmçinin dağ yəhudilərinin dili olan cuhuri) Fars dilin arxaik bir ləhcəsidir. Talış dili isə müstəqil, ayrı bir dildir. Tat dili və Talış dili arasında qarşılıqlı anlaşma yoxdur, bu dilləri danışanlar bir-birini anlamırlar.
Ümumiyyətlə isə, Talış dilinə yaxın, qarşılıqlı anlaşma olan dil yoxdur (Azərbaycan, Türk, Özbək dillərində olduğu kimi). Talış dilinə nisbətən qramatik qruluşuna və leksikasına görə yaxın olan dillər Zaza (Türkiyədə danışılır) və Gilaki dilləridir. Nisbətən daha uzaq qohum dillər kürd, fars, osetin, puştun və s. İran dilləridir. Daha uzaq qohum dillər isə digər Hind-Avropa dilləri olan German, Slavyan, Roman, Yunan, Alban, Baltik və Hind dilləridir. Bütün bu dillərlə Talış dili arasında 100-lərlə ortaq kəlmə mövcuddur, xüsusən saylar, bədən üzvləri, fəsillər, göy cismləri, inkar ədatları və s. baza sözlərdə.

4. Yanlış:
Talışlar indiki yaşadıqları ərazilərə başqa yerlərdən köç edib gəlmişlər.
Doğru:
Talışlar indiki yaşadıqları ərazilərdə tarix boyunca yaşamış və bu yerlərə haradansa gəldikləri heç bir tarixi mənbədə öz əksini tapmamışdır. Bütün tarixi mənbələr, toponimlər Talışların yaşadıqları ərazilərdə yerli, avtoxton əhali olmasını təsdiqləyir.

5. Yanlış:
Talışda yaşayan əhalinin hamısı Talışdır.
Doğru:
Talışda yaşayan əhalinin hamısı Talış deyil. Bu bölgədə az sayda Kürd, Türk və başqa etnik azlıqlar da yaşayır.
Talışlar həmin bölgənin Masallı, Lənkəran, Lerik, Astara rayonlarında əhalinin əksəriyyətini Talışlar təşkil edir. Yardımlı , Cəlilabad, Biləsuvarda isə əhalinin bir hissəsini Azərbaycan türkləri təşkil edir. Hətta Abşeron yarımadasında da çoxsaylı Talışlar var.
Bölgə əhalisi bunu yaxşı bilir, amma digər bölgələrin əhalisində məlumat azlığı var bu barədə.

6. Yanlış:
Talışlar Talış kəndlərində yaşayırlar, rayon mərkəzində yaşayanlar Talış deyillər.
Doğru:
Talışlar həm kəndlərdə, həm də rayon mərkəzlərində yaşayırlar. Rayon mərkəzlərində yaşayanların bir qismi Talış dilini bilməsə də, Talış əsillidirlər. Rayon mərkəzlərində və kəndlərdə digər regionlardan gəlmiş və orada məskunlaşmış qeyri-talış əsilli əhali də vardır.
Talışlar regionun həm dağlıq, həm dağətəyi, həm də düzənlik-dənizkənarı ərazilərində məskunlaşmışlar.

7. Yanlış:
Talış dili Azərbaycanın cənub ərazilərində danışılan Azərbaycan dilinin cənub ləhcəsidir.
Doğru:
Talış dili Azərbaycan dilinin cənub ləhcəsi deyil, tamam fərqli bir dildir. Talış dilli əhali Azərbaycanın cənub ləhcəsində danışmır, bu ləhcə Azərbaycan türkcəsini danışan və o bölgələrdə yaşayan əhaliyə xasdır.

8. Yanlış:
Talış dilinin qramatikası və əlifbası yoxdur.
Doğru:
Hər bir dilin olduğu kimi Talış dilinin də qramatikası və qramatik qaydaları vardır. Bu haqda bir çox kitablar yazılmışdır. Ən məşhurları Millerin “Talışskiy Yazık” və Wolfganf Schulze-nin “Nothern Talysh” kitablarıdır.
Talışlar tarix boyunca bir çox əlifbalardan istifadə etmişlər. Bunlardan ən qədimi Pəhləvi Əlifbası hesab olunur ki. Bundan əlifba, müxtəlif dövrlərdə ərəb, latın və kiril əlifbaları istifadə olunmuşdur.

9. Yanlış:
Talışların yaşadığı bölgələrdə İranın təsiri ilə din geniş yayılmışdır.
Doğru:
Hər bir xalqda olduğu kimi Talışlar arasında da dindar olan və olmayanlar vardır, bu normaldır. Talışlar ümumi olaraq bilindiyi qədəri ilə tarix boyunca dinə bağlı bir etnos olmuşlar. Bunun İranın təsiri ilə heç bir əlaqəsi yoxdur. Bu xalqın dəyərləri ilə bağlı bir məsələdir.
Bunu Talışların içində müsəlman dindar əhalinin müxtəlif məzhəblərə etiqad etməsi də sübut edir. Şiə (Cəfəri), Sünni (Şafii). Halbuki İran Şiə(Cəfəri) dövlətidir. Əgər İranın təsirindən olsa idi sünni əhali dindar olmazdı, çünki İran Şiə dövlətidir.

10. Yanlış:
Talışların yaşadığı bölgədə qızlar məktəbə verilmir, erkən yaşda nikaha məcbur edilir. Bu bir adətdir.
Doğru:
Bu da medianın uydurduğu yalanlardan biridir. Əksinə, Talışlarda digər bölgələrə nisbətdə ailənin daha irəli yaşda qurulmağı adət halını almışdır. Bu son zamanlar ümumi Azərbaycanda, xüsusən regionlarda yayılmış bir bəladır, bunun Talışlarla heç bir əlaqəsi yoxdur. “Cənub bölgə”sinin əhalisinin Talış olmayan kəndlərində də bu hala rast gəlinir.

11. Yanlış:
Talışlar yalnızca Azərbaycanda yaşayır
Doğru:
Talışlar Azərbaycanın Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayon və şəhərlərində, həmçinin İranın Gilan və Ərdəbil ostanlarının bir çox şəhər və rayonlarında yaşayırlar.

12. Yanlış:
Talışların başı 12-dən sonra işləmir. Əslində bu yanlışdan daha çox TƏHQİRdir!
Doğru:
Bu sözü işlədənlərin özünün başının nə qədər işlədiyi göz qabağındadır. Bütün bir etnosa aid belə bir təhqiramiz iddiada bulunmaq, qərəzlilik olsa gərək.
Bu sözün necə yarandığı müəmmalıdır, amma sonradan ortaya çıxdığı məlumdur. Xatırladaq ki, bu sözü dünyanın müxtəlif ölkələrində müxtəlif xalqlar haqqında deyirlər.
– Türkiyədə Lazlar
– Gürcüstanda Svanlar
– İspaniyada Basklar
– Kosovada Albanlar
Yəqin ki, bu söz hansısa bir milli xüsusiyyətin digərləri tərəfindən anlaşılmamasından irəli gəlir.

13. Yanlış:
“Borani” (Balqabaq) bitkisinin Talışların məişətində mühüm yer tutması. Ən gülməlisi budur.
Doğru:
“Borani” (Balqabaq) heç də Talışların məişətində mühüm yer tutmur. Bu bitki ümumiyyətlə o bölgəyə xas deyil. O bölgəyə daha çox sitrus meyvəçiliyi xasdır. Özü də Talışlar yanlış bilindiyinin əksinə balqabağa borani yox, KU deyirlər.

14. Yanlış:
Talışlar Limona Lumu deyirlər, daha nələr…
Doğru:
Talış dilində bu söz Limo-dur. Lumu isə əksinə Azərbaycan türkcəsində bu meyvə üçün işlənən sözdür.

15. Yanlış:
Talışlar bir-birini “tutan” olur.
Doğru:
Bir çox xalqlar haqqında bu stereotip olduğu kimi Talışlar haqqında da bu stereotip mövcuddur. Bu doğru deyil.
Bunun əksinə Talışlarda icmaçılıqdan daha çox individualizmin (fərdiyyətçiliyin) hakim olduğunu deyə bilərik.

Go to TOP