ATİŞ: “Ruslan Vahabovun həbsi onun vətəndaş mövqeyi ilə bağlıdır”

“O, mənsub olduğu talış etnosunun konstitusion milli-mədəni özünüifadə haqlarının təminatını tələb edirdi. İctimai fəallığa görə o, əvvəllər bir neçə dəfə polis tərəfindən şifahi xəbərdarlıqlara məruz qalıb”.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) Ruslan Adil oğlu Vahabovun həbs olunması ilə bağlı bəyanat yayıb.

Talış ictimai fəal Ruslan Vahabovun sentyabrın 22-də saxlanıldığı bildirilir. Yaxınları hesab edir ki, narkotik ittihamı ilə saxlanılan fəal əslində sosial şəbəkələrdə müharibə əleyhinə yazdığı paylaşımlara görə cəzalandırılır.

ATİŞ-ın bəyanatının tam mətnini təqdim edirik:

“Azərbaycan Talışların İçtimai Şurasının (ATİŞ) üzvü Vahabov Ruslan Adil oğlu 22 sentyabr 2023-cü il tarixdə səhər evdən çıxıb işə getmişdir. Bundan sonra ailə üzvləri onunla heç bir əlaqə qura bilməmişlər. Yalnız səhərisi gün, ailə üzvlərinin axtarışı nəticəsində məlum olmuşdur ki, o, Nizami rayon polis idarəsində saxlanılır. Həftə sonu olduğuna görə Ruslan Vahabovla heç bir əlaqə saxlamaq mümkün olmamışdır. 25 sentyabr (həftənin birinci günü) səhər saatlarında məlum olmuşdur ki, Ruslan Vahabov bazar günü ailə üzvlərinin heç bir xəbəri olmadan məhkəmə qarşısına çıxarılmış, ona narkotika ittihamı irəli sürmüş və barəsində dörd ay müddətində həbs qəti-imkan tədbiri seçilmişdir.

Ruslan Vahabov ictimai fəaldır. O, sosial şəbəkələr üzərində Azərbaycan hakimiyyətinin ayrı-ayrı idarəetmə institutlarının fəaliyyətini gündəlik tənqid edirdi. Eyni zamanda o, mənsub olduğu talış etnosunun konstitutsion milli-mədəni özünüifadə haqlarının təminatını tələb edirdi. İctimai fəallığa görə o, əvvəllər bir neçə dəfə polis tərəfindən şifahi xəbərdarlıqlara məruz qalıb.

Ruslan Vahabovun narkotika aludəçisi olması və onun narkotik maddə alış-verişi ilə məşğul olması ittihamı açıq formada atılan bir şərdir.

ATİŞ hesab edir ki, Ruslan Vahabovun həbs olunması onun baş verən qanunsuzluqlara qarşı sərgilədiyi obyektiv, ədalətli və cəsarətli vətəndaş mövqeyi ilə bağlıdır. Ona qarşı rəsmiləşdirilən növbətçi “narkotika” ittihamının onun ictimai fəaliyyətinə görə olduğu şübhə doğurmur.

Ölkəmizin indiki həssas siyasi burulğanlar dövründə hüquq mühafizə orqanlarının vətəndaş cəmiyyətinin fəal nümayındələrinə qarşı apardığı bu həbs ovunu qətiyyətlə pisləyirik. Düşünürük ki, bu formada saxtalaşdırılan həbs əməliyyatları ölkəmizdə ədalətli, demokratik, sivil, bərabərhüquqlu vətəndaş cəmiyyətinin qurulması əlehinə yönəlmiş pravokasiya əməlidir!

ATİŞ narkotik ittihamı ilə şərlənərək həbs olunmuş gənc ictimai fəal, Azərbaycan Talışların İctimai Şurasının üzvü Vahabov Ruslan Adil oğlunun dərhal azad olunmasını tələb edir!

Azərbaycan Talışların İctimai Şurasının İdarə Heyəti”.

 

Go to TOP