Azərbaycanda qazanılan hər 100 manatın 56 manatı ərzağa gedir

Əhalinin ərzağa xərclədiyi pul artıb. Bu, ərzaq bahalaşmasından xəbər verir.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu ilin ilk 9 ayında 40,9 milyard manatlıq ümumi ticarət dövriyyəsinin 23 milyardı ərzaq, içki və tütünə xərclənib. Bu, ümumi xərcləmənin 56.1 faizidir.

Məsələn, 2021-ci ildə əhalinin istehlak xərclərində qida məhsulları, içkilər və tütün 50.7 faiz, 2022-ci ildə isə 55.3 faiz olub.

Rəqəmlər Dövlət Statistika Komitəsinin (DSK) ticarət dövriyyəsi ilə bağlı açıqladığı  hesabatdandır.

Əhali 929,7 milyon manatı dərman məhsullarına xərcləyib. Bu da ümumi məbləğdə 2.3 faiz edir.

Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin ərzağa verdiyi pul 2 faiz artıb. Ümumi ticarətdə faiz artımı isə 3,3-dür.

Əhalinin hər birinə düşən xərcləmə 447,7 manatdır. Həmin vəsaitin 251,3 manatı, yəni yarıdan çoxu ərzağa xərclənib. Yerdə qalan 196,4 manat digər xərcləmələrdir.

Bu o deməkdir ki, əhali 2023-cü ildə hər 100 manatın 56 manat 10 qəpiyini ərzağa və tütünə, 16 manat 70 qəpiyini qeyri ərzaq məhsullarına, 13 manat 40 qəpiyini geyimə, 5 manat 40 qəpiyi benzinə, 5 manatını ev əşyalarının alınmasına, 2 manat 30 qəpiyini dərmana, 1 manat 10 qəpiyini isə texnikaya xərcləyib.

Müstəqil ekspertlər, iqtisadçılar daim açıqlamalarında bildirirlər ki, gəlirinin 30 faizindən çoxunu ərzaq məhsullarına xərclənməsi kasıblıqdan xəbər verir. Gəlir o qədər az, qiymətlər o qədər bahadır ki, insanların ərzaq məhsullarından savayı xərcləmələrə pulu çatmır.

Go to TOP