Yardımlıda ictimai fəal və ailə üzvləri “qanunsuz küçə ticarəti”ndə ittiham olunaraq saxlanılıblar

Yardımlıda yaşayan ictimai fəal Cəlil Zabidov və ailə üzvləri “qanunsuz küçə ticarəti”ndə ittiham olunaraq saxlanılıblar.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, polis əməkdaşları bundan əvvəl də əraziyə gəlib, xəbərdarlıq ediblər:

“Dünən sahə müvəkkili gəlib xəbərdarlıq etmişdi ki, birinci günə kimi piştaxtanızı yığışdırın. Həmin vaxta qədər yığışdırılacaqdı. Bu gün ərazidə olan heç kim yığışdırmadı deyə, biz də saxladıq bir az. Polislər ailə üzvlərimizi gəlib apardılar. Ərazidə olan başqa şəxslər saxlanılan kimi protokol tərtib olundu, buraxıldılar. Amma Cəlil Zabidov, oğlu, qardaşı və qardaşı oğlu hələ də polisdə saxlanılırlar. Heç bir məlumat verilmir”, – deyə ictimai fəalın ailə üzvü bildirib.

Daxili İşlər Nazirliyinin Lənkəran Regional İdarəsinin sözçüsü Məhəmməd Rzayev bildirib ki, qeyd olunan şəxslər qanunsuz küçə ticarətilə əlaqədar saxlanılıblar:

“Həmin şəxslər qanunsuz küçə ticarətilə məşğul olduqları üçün polis şöbəsinə dəvət olunublar. Onların əməllərinə uyğun müvafiq protokol tərtib olunduqdan sonra sərbəst buraxılacaqlar”, – deyə o bildirib.

Vəkil Elçin Sadıqov deyir ki, qanunsuz küçə ticarəti qadağan olunsa da, bəzi hallarda bu maddənin tətbiqində ayrıseçkilik olur:

“Adətən belə ticarətçilər dövlət orqanlarına pul verib, bu işlə məşğul ola bilirlər. Ancaq bu ticarətlə məşğul olanlar üçün inzibati xəta nəzərdə tutulub, cəzası var. Bir neçə dəfə AXCP üzvləri bu ticarətlə məşğul olmaq adı altında məsuliyyətə cəlb olunublar. Sonradan polisin qanuni əmrinə tabe olmamaq ittihamı da verilərək, həbs ediliblər.

Bu işlər Avropa Məhkəməsinə getsə, əsas məsələ hüquqların bərabər olmasıdır. Kimlərəsə nəyinsə qarşılığında icazə verilib, ictimai fəallara mövqelərinə görə icazə verilməməsi qanunla nəzərdə tutulmasa belə, açıq-aşkar ayrıseçkilikdir. Bu, mübahisə olunmur. Əsasən bu işlər üzrə icazələri polis, yerli icra orqanları, bələdiyyələr verir. Son dövlər Qida Təhlükəsizlik Agentliyi də bu prosesə qoşulub”, – deyə vəkil bildirib.

İctimai fəal Cəlil Zabidov bundan əvvəl də saxlanılıb. Son olaraq 2022-ci ilin fevralında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmamaq) maddəsilə təqsirli bilinərək 25 sutka həbs edilib. O, həbsini siyasi fəaliyyətilə əlaqələndirib.

Müxalifətdə olan AXCP partiyasının üzvü Tofiq Məmmədov da Bakıda küçə ticarəti ilə məşğul olur. Onu bir neçə dəfə polislər saxlayıb. T. Məmmədov bildirib ki, polis əməkdaşlarının ondan tələb etdiyi “yer haqqı”nı ödəmir deyə saxlanılır. O, həm də siyasi fəaliyyətinə görə ona qarşı ayrıseçkiliyin olduğunu bildirib.

“Burada Yasamal rayon 29-cu bölməsinin əməkdaşları məndən günə 70 manat rüşvət istədi. Məşğul olduğumuz xırda ticarətin hər günü üçün isə 70 manat böyük məbləğdir. Bunu ödəsəm, günün sonunda özümə 3-4 manat qalırdı. Qazanc üçün müştərilərə keyfiyyətsiz, çürük məhsul sata bilməz, ya da tərəzidə aldada bilməzdim. Odur ki, onlara rüşvət verməyəcəyimi, özüm də burada qalıb işləyəcəyimi dedim”, – Tofiq danışıb.

Go to TOP