Rusiyada qadağa Azərbaycanda benzini bahalaşdıra bilərmi?

Rusiya hökuməti martın 1-dən etibarən benzin ixracına qadağa qoyur. Qadağa, hələlik, altı aylıq bir dövrü əhatə etməlidir.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Rusiya rəsmiləri bu qadağanı irəlidən gələn tarla işlərinə görə yanacağa tələbatın artması ilə əlaqələndirirlər.

Azərbaycan benzinin əhəmiyyətli hissəsini Rusiyadan idxal edir. Bəs bu qadağa Azərbaycanda benzinin bahalaşmasına səbəb olmayacaq ki?

Azərbaycan Aİ-92 markalı benzindən fərqli olaraq, Aİ-95 və Aİ-98 istehsal etmir. Əvvəllər Bakı Neft Emalı Zavodunda Aİ-95 istehsal olunduğu açıqlansa da, zavod təmirə bağlanıb və hələ də modernləşdirmə işləri bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.

Azərbaycanın benzin idxalının coğrafiyası

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan 2023-cü ildə 86 min 36.95 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib. Bu da 2022-ci illə müqayisədə 13.5 faiz azdır. Əsas idxal (40 min 261.56 ton) Rusiya Federasiyasından gerçəkləşdirilib.

Həmçinin hesabat dövründə Azərbaycan Belarusdan, Rumıniyadan, Yunanıstandan, Gürcüstandan, Birləşmiş Ərəb Əmirliklərindən və Bolqarıstandan Aİ-95 idxal edib.

Aİ-98 markalı benzinə gəlincə, ötən il onun idxalı 21.6 faiz artıb və 2 min 31 ton təşkil edib. Rumıniyadan 976.21, Rusiyadan 357.1, Belarusdan 593.8, Gürcüstandan 104.24, ABŞ-dən isə 0.04 ton Aİ-98 benzini gətirilib.

Azərbaycana Aİ-92 markalı benzinin isə idxalı azalıb. Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 64 min 302 ton Aİ-92 idxal edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67.7 faiz azdır. Ən böyük idxal (25 min 971 min ton) Türkmənistandan həyata keçirilib. Litvadan 20 min 943 ton benzin alınıb. Rusiyadan isə 17 min 388 min ton idxal edilib.

“Aİ-92-nin də bahalaşacağı barədə söhbət gedir”

İqtisadçı Zöhrab İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, 2023-cü ildə Azərbaycan təxminən 2 milyard dollarlıq yanacaq idxal edib: “İllər əvvəl Azərbaycan bunun cəmi 10 faizini idxal edirdi və illər keçdikcə bu idxal tempi artır”.

Ekspertin sözlərinə görə, bunun konkret səbəbi var: “Hökumət görür ki, Rusiyada benzin daha ucuzdur və ona görə oradan gətirir. Azərbaycan öz neftini xammal kimi satır və Rusiyadan ucuz neft məhsullarını alır. Bunu qazanc üçün edirlər, amma bu, doğru deyil”.

Z.İsmayılın fikrincə, Rusiya ixraca qadağa qoyursa, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) alternativ bazarları axtarmalıdır və idxal, əsasən, Rumıniyadan olacaq: “Rumıniyada qiymətlər yüksək olarsa, Azərbaycanda da qiymətlər qalxacaq. Hətta Aİ-92 markalı benzinin də qiymətinin qalxması barədə qaynaqlarda söhbət gedir”.

Go to TOP