Lənkəranda: Qanunsuzluğa etiraz edən müəllimə cəzalandırıldığını deyir

‘Bağçada yeyinti olduğunu, şorbanın üzündə bit olduğunu dediyim üçün məni işdən çıxardılar”

Lənkəran şəhər 5 saylı Körpələr evi-uşaq bağçasında tərbiyəçi işləyən Nuridə Mirzəyeva qanunsuzluqla üzləşdiyini deyir.

5 ildir tərbiyəçi vəzifəsində işləyən Nuridə xanımın sözlərinə görə, həmin bağçanın müdirəsi Aybəniz Hüseynova vəzifə səlahiyyətlərindən sui-istifadə edir:

“İşlədiyim bağçada ümumilikdə 150 uşaq tərbiyə edilir. Mənim qrupumda isə 25 uşaq var idi. Dəfələrlə mənim qrupumdakı uşaqların valideynlərindən şikayətlər alırdım. Son bir neçə ayda bağçada mənimsəmə olduğunu görürdüm. Uşaqların qidalanması üçün dövlət tərəfindən verilmiş ərzaqların “yoxa çıxdığını” görüb, müdirə Aybəniz xanıma iradımı bildirdim. O da mənə “kimə istəyirsən şikayət elə, mənim oğlum prokurorluqda işləyir,”- dedi”.

Uşağı xəstələnən valideyn müdirədən yox, müəllimədən cavab gözləyir

Nuridə Mirzəyeva əlavə edir ki, müdirə antisanitar şəkildə bişirilmiş yeməklər üçün valideynlərdən aylıq 20 manat da pul alırmış:

“Bağçada verilən keyfiyyətsiz yeməklərə, uşaqların yarıac qalmasına isə mənim heç bir cavabım yox idi. Aşbaz da deyirdi ki, mənə verilən ərzaqlarla ancaq bunları bişirə bilirəm. Noyabrın 25-də müdirə ilə mübahisəm isə artıq vəziyyətin dözülməzliyindən irəli gəlirdi. Həmin gün uşaqlara verilən şorbanın üzündə həşəratlar var idi. Bunu göstərəndə, dedilər: “nanədir, bit deyil”. Amma həmin günü o yeməkdə nanə olmadığına əminəm. Elə həmin gün Lənkəran Şəhər İcra Hakimiyyətindən Günəş Quluzadə bir neçə kişi ilə bağçaya gəldi. Mənə dedilər: “Sən burada ara qarışdırmaqla məşğulsan. Bizə şikayət gəlib ki, burada dava-dalaş olub”. Mən belə bir şey olmadığını dedim, digər işçilər də mənim dediyimi təsdiqlədilər. Amma bununla belə, mənim haqqımda əsassız araşdırmaya başladılar. Dekabrın 5-də isə icra hakimiyyəti işdən çıxarılmağımla bağlı əmr verdi. İşdən çıxarılmağıma səbəb Aybəniz Hüseynovanın qanunsuzluqlarına göz yummamağım olub. Bu məsələnin yenidən araşdırılmasını istəyirəm”.

Talışstan- Lənkəran
Sərdar Bunyadov

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP