İranın qədim bayramı sayılan “ŞƏBE-YELDA” haqqında

1) İranda tarixi ən azı 2000 ildən də artıq olan bu bayram Şəmsi təqvimi ilə “Azər” ayının sonu “Dey” ayının əvvəli, yəni bizim təqvimlə ilin ən uzun gecəsi sayılan 20 dekabrdan 21-i dekabra bağlayan gecə bayram edilən və günlərin qısalmasının sona çatdığının xəbərçisi olan bayramın adıdır.

2) “Yelda” sözü Süryani dilindən “Vələdə” kəlməsindən gəlmişdir Köklərini günəş tanrısı “Mitra” -nın (Mehr, Mithra) doğumundan alan bu bayram, hətta romalılara belə təsir etmişdir. Romalıların “Saturnalia” və “Sol İnviçta” şənlikləri də “Yelda” gecəsinin əlamətlərini özündə əks etdirir. Xristianlarda da İsanın doğumu və təqribən üç gün sonra “Noel” babanın gəlişi bu fərziyyəni daha da qüvvətləndirir.

3) İran zərdüştliyində dini bayram kimi qəbul edilməyən bu bayram ümumxalq səviyyəsində qeyd edildiyi üçün sonunda zərdüştlər də zamanla bu bayramı qəbul etdilər. Həmin gecə İranda qarpız yeyərək və ailə böyükləri əhatəsində toplanıb söhbət edərək keçirilən bir şənlikdir. Ailə dostları, qohumlar bir yerdə yığışıb gecə yarısından səhər günəş çıxana qədər maraqlı əhvalatlar danışar, nənələr və babalar öz xatirələrini uşaqlara nağıl edər, böyük İran şairi və dünya poeziyasının zirvəsi sayılan Hafiz Şirazinin məşhur şeirlərindən, hətta bəzi bölgələrdə Əbülqasim Firdovsinin “Şahnamə” – sindən hissələr oxuyarlar. Sözlü və nişanlılar bir-birinə xüsusi tabaqlarda qırmızı rənglə bəzədilmiş hədiyyələr verər,nişanlı qızlar bəyə qırmızı rəngdə kəsilməmiş parça və libas təqdim edərlər. Gecənin əsas yeməyi “Fisincan plov” sayılır, lakin İranın müxtəlif bölgələrinə görə bu biraz dəyişir, məsələn; İranın şimal hissəsi olan Xəzər dənizinin yanında yerləşən Gilan vilayətində süfrəyə ağ balıq, göyərtili plov və müxtəlif tərəvəzlər servis edirlər. İranın qədim şəhəri sayılan Şiraz şəhərində isə xüsusi yemək kimi yerkökülü plov və əlavə olaraq İran safranı və limonlu toyuq da qoyulur.

4) İranın Azərbaycan vilayətində isə “Yelda” gecəsi “Çillə” gecəsi adlanır və bu payızın bitməsi, qışın başlanmasını simvolizə edir. İlk 40 gün “Böyük çillə”, sonrakı 20 gün “Kiçik çillə” və axırıncı 30 gün “Bayram ayı” adlanır. Bu gecənin olmazsa olması qarpız, nar və müxtəlif çərəzlərdir. İnanclara görə qarpız yedikdən sonra insan soyuq və xəstəliklərdən qorunur.

5) Qədim mətnlərdən əldə edilən məlumatlara görə bu meyvələrin içindəki qırmızı rəng “Mitranın” (günəşin) ehtişamını göstərərək, həyatın şəfəq və işıltısının qırmızı tonlarını əks etdirən bir məfhumdur. Qədim zamanda İranda “şəbi-yelda” sabahı çıxan günəşi görmək üçün binalar inşa edilmişdir, hətta bunun qalıqları bugün də Kaşan şəhərində yerləşən “Niyasər” binasını göstərmək olar. Son illərdə aparılan araşdırmalar göstərir ki, dörd eyvan “Nəyasər” binasının xüsusi hesablarla tikildiyini və burada günəşin doğuşu, qışın başlanması və ilin zamanlarını hesablaya bilmək üçün inşa edildiyi ortaya çıxmışdır.

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP