Taxıl və pambıq yığımında məhsuldarlıq gözləntiləri doğrultmayıb

“Əziyyətlə məhsul yetişdiririk, vasitəçilər cüzi qiymətə alıb, baha satırlar”

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, hava şəraitinə görə builki mövsüm fermerlər üçün əlverişli olmayıb. Fermerlər deyirlər ki, taxıl, pambıq kimi strateji məhsullarda məhsuldarlıq gözləntiləri doğrultmayıb. Meyvə-tərəvəzin qiyməti də sərfəli olmayıb. İl ərzində çəkdikləri əziyyət hədər gedib, xərclərini güclə ödəyə biliblər.

Sabirabadlı fermer Məmməd Əliyev deyib ki, bəzi ərazilərdə yoncaya bit düşüb, taxılı isə satmaqda çətinlik çəkib.

“Neçə ton taxıl həyətdə qaldı, keyfiyyətsiz adı ilə aşağı qiymətə istədilər. O qiymətə satmaqdansa, satmamaq sərfəlidir. Digər bölgələrdən olan fermerlərlə də əlaqə saxlayıram, kimisinin on, kimisinin də 50 ton taxılı qalıb”,-fermer deyib.

Onun sözlərinə görə, unun qiyməti “oynayır”, amma indiki qiymətlər yenə də yüksəkdir:

Əziyyətlə məhsul yetişdiririk, vasitəçilər cüzi qiymətə alıb, baha satırlar. Bizdən çox onlar qazanır, başqa əlacımız da yoxdur”.

Fermerlərdən biri isə deyib ki, taxılçılığa xüsusi qayğı göstərilməlidir:

“50 ton buğdam qaldı, alıcı olmadı. Bilsəydim, yonca əkərdim. Düzü, heç çıxış yolunu da bilmirəm”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə deyib ki, Azərbaycan idxal hesabına ərzaqlıq buğda ilə özünü təmin edə bilir. Xüsusilə Rusiyadan ərzaqlıq buğda alınır.

“Fermerlərdən buğdanı 30 qəpiyə alıb, 45 qəpiyə satırlar. Fermerlərdən çox gəlir əldə edirlər. Bu sahədə də məmur oliqarxlar var. Un istehsalı, buğdanın qəbulu, emalı məmur oliqarxların əlindədir. Belə bir mühitdə bazar öz funksiyasını yerinə yetirə bilmir”,– ekspert deyib.

V.Məhərrəmlinin sözlərinə görə, bazar tələb, təklif hesabına formalaşmır, oliqarx məmurların, sövdələşməyə gedən, un istehsalı ilə məşğul olan şirkətlərin istəyi ilə qiymət müəyyənləşdirilir. Yəni taxıl, un və çörək bazarı oliqarxların əlindədir. Buna görə də unun, çörəyin qiymətində yenidən artım müşahidə ediləcək:

Monopoliya aradan qaldırılmalıdır. Başqalarına da işləməyə imkan verilməlidir”.

Məhərrəmli qeyd edib ki, dünyada taxıl ucuzlaşanda əksinə, Azərbaycanda un bahalaşır. Dəyirmanlar eyni zamanda, qiymət artırırlar:

“Xatırlayırsınızsa, bir müddət əvvəl un bahalaşdı. Rusiyada ötən ilə nisbətən bu il buğda istehsalı azalıb. Görünür, bununla bağlı məlumat əldə ediblər, amma Rusiyada kifayət qədər buğda ehtiyatları qalıb”.

Məhərrəmli bu il təkcə pambıq və taxılda deyil, kartof, nar kimi məhsulların istehsalının da azaldığını bildirib.

Go to TOP