Cəlilabadda 16 min manatlıq oğurluq olan ev yandırılıb

Cəlilabadda 16 min manatlıq oğurluq olan ev yandırılıb.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, ev sahibi Kamil İsayevin verdiyi məlumata görə, evindən 16 min manat aparan oğru cinayətin izini itirmək üçün pulun saxlandığı hissəyə od vurub.

Belə ki, ötən gün axşam 19 radələrində qonaq gedən İsayevlər ailəsinə zəng edilərək heç kimin olmadığı evinin yanması barədə xəbər verilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsi gəlib. Güclü külək və yağış altında yanğın lokallaşdırılsa da, 130 kvadratmetr sahəsi olan evin 50 kvadratmetrlik hissəsi yanıb.

Həmçinin hadisə şahidləri otaqlarda alışıb yanmayan yanar maye izləri də aşkar ediblər.

Ev sahibi Kamil İsayevin sözlərinə görə, yanan otaqlarda ev sahibinə məxsus xeyli rəsmi sənəd və geyim də yanaraq məhv olub. O qeyd edib ki, ev yeni təmir edilib.

Oğurlanan pul ev sahibinin oğluna məxsus imiş və o, müəyyən miqdardan sonra yeni bir ev almağı planlayırmış.

Go to TOP