Adın nədir?

Adın nədir

davamı, əvvəli burada

Bu “addəyişmə” prosedurunu tək siyasi partiya və ictimai təşkilatlara şamil etmək düzgün olmazdı, çünki bu “addəyişmə” Talış adına yaradılmış siyasi quruluşdan – Talış muxtariyyatından da kənar keçmədi. 1993-cü ilin 21 iyununda Lənkəranda Talış Muğan Respublikasının yaradılması barədə elan verildi. Amma 7 avqust 1993-cü ildə Talış Muğan Respublikasının parlamentinin iclasında bu qurumun ilkin variantdakı adına bir “muxtar” sözü də əlavə olundu. Həmin dövrdə artıq şüurlarda oturuşmuşTalış Muğan Respublikasının adının 7 avqustda dəyişdirilərək Talış Muğan Muxtar Respublikası edilməsi başa düşülən olmadı. Bəlkə də həmin respublikanın yaradıcıları bu ad dəyişməklə Azərbaycan ictimaiyyətinə sübut etmək istəyirdilər ki, onlar Azərbaycandan ayrılmaq istəmirlər.

7 avqustda Talış-Muğançıların öz sərt mövqelərindən bir addım geri çəkilmələri həmin respublikanın 23 avqustdakı süqutu ilə sonuclandı. “Ad dəyişməyə nə əsas verdi?” sualına konkret cavab vermək çətindir. Bəziləri hesab edir ki, Talış Muğan Respublikasının adının dəyişməsi 10 iyulda Talış Muğan Respublikasının prezidenti Əlikram Hümmətovun Azərbaycan Ali Məclisinin sədri, prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevlə 4 saatlıq görüşü səbəb olub. Digər bir kontingent hesab edir ki, ad dəyişməsində baş nazir Sürət Hüseynovun bir sıra nazirlərlə 2-3 avqustda Lənkərana səfəri də müstəsna rol oynayıb. “Addəyişmə” prossesi barədə digər versiyalar da var, amma bütün bunlar versiya olaraq da qalır. Həqiqəti isə Talış-Muğançılardan çox az adam bilir, bunlar əsasən adları bu yazıda keçən şəxslərdir ki, hələ də Talış Muğan Respublikasının adının kimin təklifi ilə və nə məqsədlə dəyişdirildiyi barədə ictimaiyyətə dolğun bir məlumar verməyiblər.

“Addəyişmə” mərəzimiz bununla da bitmir. 2012-ci ilin sonlarında Mehdibəy Səfərov Bakıda yeni bir ictimai qurumun yaradıldığı barədə məlumat verdi. Qurumun çox maraqlı bir adı da var idi: Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi. Qurumun adından da görünür ki, onun ilkin olaraq iqtidaryönlü olması nəzərdə tutulurdu. Nəzərə alsaq ki, Hilal Məmmədov bir neçə ay idi ki, həbs edilmişdi və ona “vətənə xəyanət” ittihamı irəli sürülmüşdü, qurumun “dövlətçilik naminə” adlandırılması Mehdibəy Səfərov üçün yaxşı sığorta demək idi. Amma və lakin…

2013-cü ilin prezident seçkilərinə hazırlıq dövründə Mehdibəy Səfərov təşkilatın adını Azəri-Talış Birliyinə dəyişdi, üstəlik həmin birliyin sədri kimi Milli Şuraya da daxil oldu. Düzdür, Mehdibəy Səfərovun Milli Şuradakı fəaliyyəti cəmi bir neçə ay çəkdi, sonra o, bəyanat verərək Milli Şuradan istefa verdi, buna səbəb isə Milli Şuradakı pantürkçü zehniyət idi, onlar Mehdibəy Səfərova cəmisi bir neçə ay dözə bildilər. Sonra ona ciddi həmlələr oldu. Bu həmlələr qarşısında Mehdibəy Səfərov tək qaldı, hətta onun Azəri-Talış Birliyindəki həmsədr dostu, Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev də həmin dövrdə onun müdafiəsi üçün bircə kəlmə də olsun söz demədi. Eldəniz Quliyevin həmin dövrdəki susqunluğu, dostu Mehdibəy Səfərovu müdafiə etməməsi, öz susqunluğu ilə Milli Şurada ona qarşı deyilmiş ittihamlarla razılaşması bir daha sübut etdi ki, Azərbaycan müxalifətinin talışlarla “dostluğu” şüarçılıqdan başqa bir şey deyildir. Burada “addəyişməyə” son verib, keçid alaq “musavat” saytındakı yazıya. Sayt Mehdibəy Səfərovun yazısını verməmiş, belə məzmunda bir üst yazı verib:

“Mehdibəy Səfərov Türkiyədəki separatçı həmkarları HDP-lilərdən nümunə götürərək, respublikamızın adını bütöv yazmağı özünə rəva görmür. Necə Türkiyədəki separatçılar hər zaman Türkiyə Cümhuriyyəti əvəzinə ikrahla TC yazırlar, ya da səsləndirirlər, M. Səfərov da yazısında Azərbaycan Respublikası yerinə AR yazır…

Əsil ar olunası isə elə bunların özüdür. Separatçılıqla xəstələnmiş xain vətəndaşlarımız…”

Bu üst başlıqdan da görünür ki, bu “Beyni Peyinlilər” üçün Azərbaycan Xalqları, Xalqlar ifadələri qəbuledilməzdir. “Əsl” sözünü “əsil” kimi yazan bu bisavadlar TC yazanları HDP-li adlandırmaq qədər həyasızdırlar, amma nədənsə özləri öz adlarının qarşısına TC yazanda HDP-li olmurlar, onların “məntiqi” ilə bu gün Azərbaycanda fəal türkçülük aparan “Yasəmən Qaraqoyunlu TC”, “Qurddoğan Qurdoğlu TC” və digər TC-lər HDP-lidirlər? Oxucu belə zənn edər ki, “bəlkə də “musavat” saytı bu “soxbasdırımda” bu TC-ni meydana atmaqla Yasəmən Qaraqoyunluların kürd mənşəli olduqlarını, yalandan türkçülük edib, Azərbaycanda xalqların birgə və firavan yaşamasına əngəl olmalarına işarət edir, kim bilir?” Elə həmin saytın üst başlığındakı son cümlə – “Separatçılıqla xəstələnmiş xain vətəndaşlarımız…” cümləsi bu düşüncəni alt-üst edir. Bu başqa bir mövzunun söhbətidir ki, “musavat” saytı, öz xalqını düşünən talış əsilli bir Azərbaycan vətandaşını “Separatçılıqla xəstələnmiş xain vətəndaşlarımız…” adlandırmamalı idi. Qayıdaq HDP məsələsinə, HDP Azərbaycan türkcəsinə çevriləndə XDP, yəni Xalq Demokratik Partiyası deməkdir. Həmin HDP-yə Türkiyədə ikili münasibət var, kürd millətçiləri HDP-ni “kürd xalqının milli azadlıq mübarizəsinin lokomotivi” sayırlarsa, türk millətçiləri HDP-ni “kürd terrorçularının baş mənzil qərargahı” sayırlar. Pantürkizm xəstəliyinə tutulmuş və “Türkiyə sevdalısı” olan Azərbaycan vətəndaşları, o cümlədən “musavat” saytının əksər kütbeyin əməkdaşları üçün də HDP “qorxulu bir röyadır” və bu əqdəm Türkiyədən Azərbaycana dönən Mehdibəy Səfərovun Azərbaycan Xalqlarının Rifahı Partiyasını Xalqların Demokratik Partiyası adlandırması bu geri-zəkalılarda “Azərbaycanda ikinci HDP yaradılır” təşvişi yaradıb. Sadəcə olaraq Mehdibəy Səfərovun bəxti orda gətirib ki, o, bu “addəyişməni” Türkiyədən dönəndən sonra meydana gətirdi, Allah eləməmiş Mehdibəy Səfərov bu “addəyişməni” İrana və ya Rusiyaya səfərindən sonra etmiş olsaydı, “musavat” nələr yazacaqdı, bir Allah bilir. Amma Türkiyə haqqında onlar nə isə yazmağa cəsarət etməzlər, çünki Türkiyənin “böyük qardaş” imicinə xələl gələ bilər.

Bu köşə yazısını bu mövzu ətrafında böyük bir publisistik yazıya da çevirmək olardı. Amma buna heç bir ehtiyac yoxdur, necə ki, Azərbaycan Xalqlarının Rifahı Partiyasını Xalqların Demokratik Partiyası adlandırmağa heç bir zərurət duyulmurdu. Artıq Azərbaycanın siyasi və ictimai camiəsi Azərbaycan Xalqlarının Rifahı Partiyasını qəbul etmişdilər və bu ad bu partiyaya həmlə etməyə elə də əsas vermirdi. Partiyanın adını Xalqların Demokratik Partiyasına, pantürkçülərin təbiri ilə desək – HDP-yə dəyişməklə sizlər öküzə qırmızı parça göstərmiş oldunuz.

Samit Hacıyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP