Bayraq davası

Azərbaycan dilində belə bir misal var:

“Düzəlib hər yarağımız,

Qalıb bircə saqqal darağımız”

Bunu niyə yazdım? Hə, deyim də, demək sosial şəbəkədə Talışın Milli Bayrağının davası gedir, iki cür bayraq qoyulub meydana və “qan su yerinə axır”, biri deyir TMMR-in bayrağı budur, demək milli mübarizə rəmzimiz də bu olmalıdır, o biri bayraq Talış Mədəniyyət Mərkəzinin bayrağıdır, o bayraq bizim mübarizə rəmzimiz ola bilməz, vəssalam! Elə istəyirsən ki, bunu deyənlə razılaşasan, vay dədə vay, dərhal o birisi çıxıb deyir ki, yoxe, nə danışırsız, TMMR-in də bayrağı budur, milli mübarizə rəmzimiz də budur. Nə isə, qalmışıq iki bayraq arasında, rəhmətlik Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettosunda deyildiyi kimi: qızın iki adaxlısı var! İndi mən də qalmışam avarayi-sərgərdan, bilmirəm hansı bayrağı “başımın üstündən” asım. Dəli şeytan deyir elə ikisini də birdən as…

Hə, bu arada deyim ki, Talışın bütün problemləri həll olunub, hətta özünün müstəqil dövləti də qurulub, bircə qalıb darağ, nəhlət “Ə Huri Mən”ə, yəni şəyatinə. Burda istəyirəm keçim “Ə Huri Mən”in izahına, mənim də bütün problemlərim həllini tapdığı üçün, zatən artıq müstəqil dövlətimiz də var, bircə darağ, yoxe, bayrağ problemimiz qalıb ki, onu da II qurultay, yox, II Xalq Məclisi, yox, bəlkə də “sosial şəbəkə aktivistlərinin II on-line forumu” həll edəcək. Hə, demək, talış dilində mələyə Hur deyilir, sistemə, quruluşa, rəhbərə və Yaradana asi olanlara isə Mən deyilir, “mənilər” – gavurlar, kafərlər, kafirlər deməkdir və s. Hə, indi bildiz ki, Ə Huri Mən, yəni Avestadakı Əhrimən “o asi mələk” deməkdir? Avesta demişkən, bəlkə Avesta sözünü də açım? Zatən bizim ən əsas problemimiz öz həllini tapıb axı, qalıb bircə darağ, tfu sənə kor şeytan, nə, kor şeytan? Niyə məhz “kor şeytan”? Yəni Yaradan onu cənnətdən qovanda onun gözlərini çıxardıb? Bəlkə Yaradan onu yaradanda kor yaradıb? Əgər kor yaradıbsa, kor mələk Yaradanın nəyinə lazım idi ki? Mən ümumiyyətlə nədən danışırdım? Hə, Avestanın mənasını izah edəcəkdim. Niyə? Yəni mən dilçiyəm? Nə vaxt dilçilik elmini öyrəndim ki, söz də izah edim? Bəs belə olan təqdirdə Ə Huri Məni niyə izah eləmişəm? Deyəsən kompasım xarab olub, proqramlarım “error” verir, mən hara, söz izah etmək hara? A kişilər, mənim Əhurimənin haqqında yazdığıma inanmayın, vallahi-billahi mən dilçi deyiləm, sabah mənə istinad edib, Ə Huri Mənin mənasını izah etməyə çalışmayın, vallahi-billahi gülüş obyekti olacaqsız, ən yaxşısı odur ki, bayraqdan danışın. Zatən biz talışların 97 faizi mənim “dilçilik” elmini bildiyim səviyyədədilər, yəni bilmədikləri mövzu ətrafında elə diskusiya aparırlar ki, az qalır ki, adam onların haqlı olduğuna inansın. Amma bayraq mövzusu artıq aramızda “mövzu N: 1”-dir, bu mövzudan hamı xəbərdardır. Deyəsən yenə də aləmi qatmışam biri-birinə, darağ, bayrağ az qalmışdı qalsın bir tərəfdə, mən tez onu saldım devri müzakirəyə. Bu devri müzakirə mənə əsas verəcək ki, mən bəzi talışların necə də bayraq sevdalısı olduğunu işıqlandırıb, ortaya çıxarda bilim. “Bayraq sevdalısı” düz olar, yoxsa “Bayraqlar sevdalısı”? Ə, Samit, sən ölənlərinin göru, əl çək bu bayraq mövzusundan.

Əl çəkime, amma bircə şeyi başa düşmürəm: bu bayraq mövzusu nə maraqla atılıb meydana? Bu bayraq mövzusunu meydana atanlar bütün dünya talışlarının qəbul etdiyi “12 şualı” bayrağın İranda, Rusiyada, Qazaxıstanda, Ukraynada, lap elə Azərbaycanda da qəbul olunduğunu görmürlər? Görürlərsə – daha suyu niyə bulandırırlar? Görmürlərsə – elə görməzdən də gələ bilmirdilər ki? Bir şey dəqiqdir: Talışların başını qatmaq, əsas hədəfdən yayındırmaq üçün daim bu cür intriqalar yaradılır, bilən də danışır, bilməyən də…

Bircə şeyi dəqiq bilirəm: hər kəs bacardığı işlə məşğul olsa yaxşıdır.

Darağ olsaydı, saqqalımı darayardıme…

Samit Hacıyev

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP