SƏPNƏKƏRAN KƏND MƏSCİDİ

Səpnəkəran Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Lənkəran şəhərindən 10 km cənubda, Bakı-Astara şose yolunun üstündə yerləşir. Ərazisi 27,2 hektar, əhalisi 1819 nəfərdir (01.01.2019).
“Sahib əz-Zaman” adını daşıyan məscid kəndin mərkəzində yerləşir. Məscid 1870 (1872) – 1875-ci illərdə kənd sakinlərinin vəsaiti hesabına tikilmişdir. Qırmızı kərpicdən tikilmiş məscid hündürlüyü 1 metr olan səki üzərində yerləşir. Həyətyanı sahəsi 6000 kv. metr, uzunluğu 26 metr, eni isə 10 metrdir. Fasadda iki qapı və üç pəncərə vardır. Sağ fasadda iki pəncərə, sol fasadda isə üst-üstə olan iki qapı yerləşdirilmişdir. Pəncərələr və fasaddakı qapılar tağlı və eyni zamanda pəncərələr şəbəkəlidir. Sol fasaddakı qapılar isə düzbucaqlı formadadır. Fasaddakı qapıların qarşısında artırmalar vardır. Artırmaların sütunları metal borudan olub, üstü dəmir təbəqə ilə örtülmüşdür. İnteryerdə tavana dayaq məqsədilə dörd sütun yerləşdirilmişdir. İbadət zalı boyunca divar səthinə 1 metr hündürlükdə taxta düzülmüşdür. Məsciddə qadınların ibadət etmələri üçün “Şəbistan” vardır. “Şəbistan” interyerin ikinci yarusunda yerləşir. “Şəbistan”ın birinci mərtəbəsində mətbəx yerləşir. Mətbəxi ibadət zalından taxta, “Şəbistan”ı isə taxta şəbəkə ayırır. “Şəbistan” və mətbəxə giriş sol fasaddakı qapılardandır.
Məscidin minbəri, mehrabı və günbəzi vardır. Minbər dörd pilləlidir. Mehrab divarın içindədir. Günbəz güldəstə formasında olub, dördguşəlidir.
Sovet dönəmində məscidin fəaliyyəti dayandırılmış, ondan kənddəki təsərrüfatın çəltik, gübrə anbarı, daha sonra isə kitabxana kimi istifadə edilmişdir. 1980-1981-ci illərdə məscid (anbar) təmir olunmuş və kənd kitabxanası burada yerləşdirilmişdir. 1989-cu ildə məscidin fəaliyyəti bərpa olunmuş, yenidən qapılarını möminlərin üzünə açmışdır.
Məscidin döşəməsi bişmiş kərpicdən, qapı-pəncərələri, tavanı, “Şəbistan”ı, dayaq sütunları, dam örtüyünün konstruksiyası ağac materialındandır. Məscidin damı əvvəl kirəmitlə örtülmüş, daha sonra kirəmit yaşıl rəngli dəmir şiferlə əvəz olunmuşdur. Məscidin fasad və interyerinə ağ bətkeş vurulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Səpnəkəran kənd məscidi 4817 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır.
Məsciddə DQİDK-dən 11 may 2010-cu il tarixində qeydiyyatdan keçmiş dini icma mövcuddur.

İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbi

Go to TOP