ASTARA KURQANLARI

Azərbaycanın Astara rayonunun Telman, Pensər, Təngərud, Şuvi və s. kəndlərində Tunc və Dəmir dövrlərinə aid kurqanlar. Bunlardan Telman kəndi ərazisində 2 kurqan tədqiq edilmişdir. Kurqanlarda kromlexlə əhatə edilmiş daş qutu və sərdabə formalı qəbirlər aşkar edilmiş və gil qablar, saplaqlı tunc nizə ucları, dördtilli bizlər, iskənə, daşdan qaban fiquru, gildən düzəldilmiş araba təkərlərinin modeli və s. tapılmışdır.

Saplaqlı nizə ucları və iskənə Azərbaycanın cənub – şərqində yaşamış əhalinin Ön Asiya tayfaları ilə əlaqəsini əks etdirir. Astara kurqanları materialları e.ə 3-cü minilliyin ortalarında Talış ərazisində metallurgiyanın inkişafının və yerli tayfaların tökmə üsulla mərgmüşlü tunc məmulatı hazırladıqlarını göstərir.

Go to TOP